Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə xüsusi karantin rejiminin noybrın 2-dək uzadılması haqda qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-
yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən qəbul edilib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılması nəzərdə tutulur. Bununla yanaşı, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər çərçivəsində 30 sentyabr saat 00.00-dan 2 noyabr saat 06:00-dək, şənbə və bazar günləri 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat
06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək,
17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat
00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Elektrik qatarlarının hərəkəti komendant saatı ilə bağli dayandırılır

Azərbaycan Dəmir Yolu komendant saatının tətbiqi ilə bağlı elektrik qatarlarının cədvəlində dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq 28 sentyabr tarixindən etibarən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

Diqqət! Naməlum nömrələrdən və ünvanlardan daxil olan mesajları açmayın

Son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir. TIME rəsmi mənbəyı istinadən bildirir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

  • Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
  • Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.
  • Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.
  • Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.
  • Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.
  • Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan bu cür parolları dəyişin.
  • Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.
  • Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.

“Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir! Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, “1654” qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin”, – deyə rəsmi məlumatda qeyd edilib.

Ermənistanın təxribatı nəticəsində dünən 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb

Türkiyə Xarici işlər naziri cəbhədəki vəziyyətlə bağlı zəng edib narahatlığını bildirib.

Trend-in verdiyi məlumata əsasən, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, gün ərzində Rusiya, İran, Avropa İttifaqı və bir sıra ölkə və beynəlxalq təşkilatlarla əlaqə saxlanılıb və məlumat verilib. Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə müzakirə olunub. 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizi hələ də işğal altındadır. Azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Həmin ərazilərdə azərbaycanlı qalmayıb. Beynəlxalq təşkilatların qətnamələri olmaqla Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı uzun illər danışıqlar aparılıb, amma Ermənistan bu danışıqlardan yayınıb. Paşinyanın Qarabağın Ermənistan olması barədə bəyanatı açıq təxribat idi. Ermənistan müdafiə nazirinin yeni müharibə konsepsiyasına imza atması növbəti təxribat idi. Mart ayında Dağlıq Qarabağda qanunsuz seçkilər keçirilməsi və digər təxribat xarakterli hərəkətlər danışıqlara çox ciddi zərbə vurdu, prosesi iflic etdi. Bu təxribatlara beynəlxalq təşkilatlar ciddi reaksiya vermədi və bu da bizi narahat edir. Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz rayonuna hücum etdi, avqust ayında erməni kəşfiyyat dəstəsi təmas xəttində təxribat törətdi və dünən səhər saatlarında növbəti təxribatlar baş verdi. Onlar mülki şəxsləri hədəf alaraq Azərbaycan əhalisinə qarşı təxribatlara davam edir. Dünən 6 nəfər mülki şəxs həlak olub, 19 nəfər isə yaralanıb. Biz ərazilərimizi müdafiə etməyə qadir olduğumuzu göstəririk”.

C.Bayramov deyib ki, bu təxribatlar Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərində baş verir: “Biz əminik ki, ərazisi işğal altında olan dövlətlə işğalçı dövlətə eyni bəyanatlar verilməsi uzun illər effekt vermədi. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bu təcavüzə son qoymalıdır”.

Qismən səfərbərlik elan edildikdə hərbi xidmətə kimlər cəlb edilir? -RƏSMİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

SHXÇDX verdiyi məlumata əsasən, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

SHXÇDX Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün bütün imkanlara malikdir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zənglər və SMS daxil olduqda hərbi vəzifəlilər dərhal hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.

Ermənistan təcavüzü nəticəsində iki azərbaycanlı məktəbli həlak olub

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə  həlak olub.

TIME Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən bildirir ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verib.  

“Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!”, – deyə nazirlik rəsmi açıqlamasında qeyd edib.

Nazirliyin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu , həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

“Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik”, – deyə Təhsil Nazirliyi qeyd edib.

Azərbaycanlı blogerlər Dağlıq Qarabağda (VİDEO)

Azərbaycanlı blogerlər işğal olunmuş ərazilərimizdən video paylaşıb.

Trend-in verdiyi məlumata əsasən, sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı blogerlər Dağlıq Qarabağda olduqlarını bildirir.

Hətta Erməni tərəfin videonu saxta adlandırmasının qarşısını almaq üçün bloqqer abidə üzərində bir qeyd də qoyub.

TIME Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.
Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.
Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.
Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub.

Beynəlxalq hərbi ekspertlər cəbhə bölgəsində aparılan əməliyyatlar haqda məlumatlandırılıblar

Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.
Nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Azərbaycanda qismən səfərbərlik elan edilib

Azərbaycan Respublikası Prezidenti İlham İliyev Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq ölkədə qismən səfərbərlik elan edilməsi haqda sərəncam imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi .

Bu Sərəncam bu gündən etibarən qüvvəyə minir.

Bu gündən Azərbaycanda hərbi vəziyyət elan edilib

Azərbaycan Prezidenti İlham Əliyev cəbhə bölgəsində yaranmış vəziyyətə görə ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərman 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq dövlət başçısı tərəfindən imzalanıb.

Fərmana əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilməsi tapşırılıb.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Komendant saatının tətbiq edildiyi ərazilərdə:

  1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir;

2. xüsusi giriş-çıxış rejimi tətbiq edilir, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edilməsi tapşırılıb.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edilməsi tapşırılıb.