Türkiyə prezidenti ilk türk astronavtı Alper Gezeravcı ilə videokonfrans danışıq aparıb – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beynəlxalq Kosmik Stansiyadakı ilk türk astronavtı Alper Gezeravcı ilə videokonfrans danışıq aparıb.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə paylaşdığı videonu şərh edərək: “İnanıram ki, ilk insanlı kosmos missiyamız Fərqani, Əli Kuşçu və Cezeri kimi elmi səyyahların irsini bir addım irəli aparacaq”, – qeyd edib.

Cənab Ərdoğan onuda bildirib ki, Alper Gezeravcı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirdiyi bu kritik missiya ilə bütün türk millətinə, xüsusilə uşaqlara və gənclərə ilham olur.

“8 ay davam edən gərgin hazırlıq müddətindən sonra kosmos səyahətinə başlayan astronavtımız ilk gündən stansiyada həyata keçirəcəyi elmi təcrübələrə başlayıb.

Ümid edirəm ki, fizikadan kimyaya, biologiyadan materialşünaslığa qədər bir çox fərqli sahədə aparılan təcrübələr uğurla tamamlanacaq.

İnanıram ki, bu missiya ilə uşaqlarımızın, gənclərimizin kosmosa marağı daha da artacaq.

İnşallah, kosmos sahəsinə qoyduğumuz unikal sərmayələr uzunmüddətli perspektivdə ölkəmizə əhəmiyyətli gəlirlər verəcək.

Astronavtımız Alper Gezeravcının missiyasını başa vurmasını və qürurla daşıdığı ay-ulduzlu bayrağımızla sağ-salamat dünyaya dönməsini səbirsizliklə gözləyirik”, – deyə prezident qeyd edib.

Leave a Reply