Dərmanların humanitar məqsədlə Azərbaycana idxalı zamanı hansı sənədlər təqdim edilməlidir?

Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı zamanı Səhiyyə Nazirliyinə təqdim edilməli sənədlər siyahısı açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası”nın (bundan sonra-Qayda) 5.1-ci bəndinə əsasən xarici ölkələrdən humanitar məqsədlərlə dərman vasitələrinin idxalına rəy alınması üçün hüquqi şəxslər və fərdi sahibkarlar və ya həmin malları gətirən humanitar təşkilatlar (bundan sonra – ərizəçilər) aşağıdakı sənədlərin əslini və bir ədəd surətini Səhiyyə Nazirliyinə təqdim etməlidirlər:

  • xarici ölkələrdən humanitar məqsədlər üçün gətirilən və dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim olunan keyfiyyəti təsdiq edən sənədlər;
  • humanitar yardım göstərilməsi barədə müqavilə və ya ianə məktubu;
  • dərman vasitələrinin adları (ticarət və beynəlxalq patentləşdirilməmiş), istehsalçı ölkə, istehsalçı şirkət, dərman vasitələrinin dozası, dərman forması, miqdarı, yararlılıq müddəti və qiyməti qeyd olunmaqla, spesifikasiyası (spesifikasiya hüquqi şəxs olan ərizəçinin rəhbərinin imzası və hüquqi şəxsin möhürü, fərdi sahibkar olan ərizəçinin imzası ilə təsdiq olunmalıdır);
  • humanitar yardımın təhvil verildiyi tibbi fəaliyyətlə məşğul olmaq hüququ olan hüquqi şəxslərin və fərdi sahibkarların siyahısı göstərilməklə bölüşdürmə planı;
  • dərman vasitəsinin istifadə təlimatı;
  • idxal olunan hər mal dəsti üçün dərman vasitələrinin keyfiyyətini təsdiq edən sənədlər.

Qaydanın 5.1-ci bəndində göstərilən sənədlərin əslləri ərizəçilərə geri qaytarılır, surətləri isə Səhiyyə Nazirliyində saxlanılır.
Əsli xarici dillərdə olan sənədlərin surətləri Azərbaycan dilinə tərcümə olunaraq, notarial qaydada təsdiq edilməlidir.

Bundan əlavə, Qaydaların 5.2-ci bəndinə əsasən, xarici ölkələrdən humanitar məqsədlərlə tibb vasitələrinin (xəstəliklərin diaqnostikası və müalicəsi məqsədilə istifadə edilən tibb vasitələrinin (tibb cihazları, məmulatları, əşya və materialları, alətləri, avadanlıqları, tibbi reaktivlər və optik ləvazimatlar) idxalına rəy alınması üçün ərizəçilər aşağıdakı sənədlərin əslini və bir ədəd surətini Səhiyyə Nazirliyinə təqdim etməlidirlər:

  • xarici ölkələrdən humanitar məqsədlər üçün gətirilən tibb vasitələrinin idxalına rəy verilməsi haqqında ərizə;
  • humanitar yardım göstərilməsi barədə müqavilə və ya ianə məktubu;
  • tibb vasitələrinin adları, istehsalçı ölkə, istehsalçı şirkət, miqdarı, buraxılış ili, yararlılıq müddəti və qiyməti qeyd olunmaqla spesifikasiyası (spesifikasiya hüquqi şəxs olan ərizəçinin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə, fərdi sahibkar olan ərizəçinin isə imzası ilə təsdiq olunmalıdır);
  • tibb vasitəsinin texniki pasportu və ya istifadə təlimatı;
  • tibb vasitəsinin keyfiyyətini təsdiq edən sənədlər;
  • humanitar yardımın təhvil verildiyi tibbi fəaliyyətlə məşğul olmaq hüququ olan hüquqi şəxslərin və fərdi sahibkarların siyahısı göstərilməklə bölüşdürmə planı.

Qaydanın 5.2-ci bəndində göstərilən sənədlərin əslləri ərizəçilərə geri qaytarılır, surətləri isə Səhiyyə Nazirliyində saxlanılır.
Əsli xarici dillərdə olan sənədlərin surətləri Azərbaycan dilinə tərcümə olunaraq, notarial qaydada təsdiq edilməlidir.

Leave a Reply