Ağdamda və Şəkidə dağlıq ərazilərdə yanğınlar baş verib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə və Şəki rayonunun Kiş kəndi yaxınlığında da dağlıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.

Şəki rayonunun Kiş kəndi yaxınlığında da dağlıq ərazidə yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Leave a Reply