Suriyanın şimalında PKK/YPG terrorçuları “Barış bulağı” və “Zeytun budağı” əməliyyat bölgələrinə soxulmağa cəhd edib.
TIME Trend-ə istinadən bildirir ki, Milli Müdafiə Nazirliyi 10 terrorçunun Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirildiyi haqda məlumat yayıb.
Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya sərhədində terrorçulara qarşı uğurlu “Pənçə-Kilit” əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı türk ordusunun hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb: “Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə-Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.