Yeni meşə təhlükəsizliyi fəndləri – kameralar, MMS və keyfiyyətli rabitə

Bu il 21 meşə gözətçisi və digər meşə mühafizəsi işçiləri – direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşdırılıb.

TIME Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov yerli telekanallardan birində müsahibəsinə istinadən bildirir ki, meşələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə nazirlik tərəfindən, əsasən, Oğuz-Şəki zonasındakı meşələrdə müşahidə kameraları quraşdırılıb, lakin gələcəkdə kameraların sayının daha da artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, müşahidə kameraları meşələrin daha yaxşı mühafizə olunmasına yardım edir.

Keçən il meşə fonduna aid olan 513 hektar sahədə yanğın baş verdiyi halda, bu il görülən qabaqlayıcı tədbirlər sayəsində 25 hektar sahədə yanğın baş verib.

Onun sözlərinə görə, yanğınlarla birgə ETSN və Fövqəladə Hallar Nazirliyinin birgə iş planı var: “Yanğınlar əsasən, əkin və biçin aylarında baş verir. Əkin sahələrinin biçindən sonra yandırılması meşələrə ziyan vurur. Bu il 31 yanğın hadisəsi baş verib. Onların meşələrə keçməsinin qarşısı alınıb”.

N.Xıdırov əlavə edib ki, müvafiq orqanlara təqdim edilən Milli Meşə Proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, meşələrdə kameraların quraşdırılması təcrübəsi artıq dünyada geniş yayılmış təcrübədir və onların istifadəsinin effektivliyi çoxdan müxtəlif sahələrdə yüksək qiymətləndirilib. Meşə təsərrüfatları müəssisələrinin arsenalında meşə kameralarının quraşdırılması sənayedə və ümumiyyətlə təbiətin qorunmasında ciddi problemlərin həllinə kömək edir.

Meşə kameraları meşə qanunvericiliyini pozanları aşkar etməyə kömək edir. Beynəlxalq səviyyəli ekspertlərin sözlərinə əsasən, meşə qanunvericiliyinin pozulmasını müəyyən etmək çox vaxt çətin olur. Meşə mühafizəçiləri üçün bir cinayətkarı, necə deyərlər, əlindən tutmaq demək olar ki, mümkün deyil. Ən yaxşı çıxış yolu bu məqsədlər üçün meşə kameralarından istifadə etməkdir. Ağac gövdəsinə quraşdırılmış kameranın sensoru hərəkət edən cisimlərə reaksiya verərək işə düşür. Hərəkət sensorunun cavab sahəsi, çəkilişin vaxtı və yeri kimi məlumatları təqdim edərkən hər hansı bir detalı qaçırmayacaq qədər genişdir.

Hərəkət sensorları işə düşdüyü zaman, yalnız bir şəkil çəkilmir, eyni zamanda video qeydlər başlayır, kamera bir neçə telefonda və hətta e-poçtda nə baş verdiyini əks etdirən bir MMS mesajı göndərir. Belə bir kameranı uzaqdan da idarə etmək mümkündür, sadəcə tələb olunan əmri SMS vasitəsilə göndərmək yetərlidir.

Bu texnologiya və cihazlar MMS və SMS funksiyasını yeni bir səviyyəyə qaldırır, lakin kameraların effektivliyini yalnız mükəmməl mobil rabitə xidmətlərinin və sürətli internetin mövcudluğu təmin edə bilər. Bu arada mobil operatorun təqdim etdiyi xidmət tarifləri də son rol oynamır.  

Meşə kameraları, meşə sakinlərinin kiminsə onları görəcəyindən şübhələnmədikləri anlarda çəkilən şəkillər vasitəsilə heyvanların sayını izləməyə imkan verir. Həm də meşə qanunvericiliyini pozanları məsuliyyətə cəlb edərkən ortaya yaxşı bir dəlil çıxarmağa imkan verir. Bu çox vacibdir, çünki bu günə qədər cinayətkarın təqsirini sübut etmək çox çətin idi.

Leave a Reply