DYP avtomobil sürücülərinə rayonlara gediş-gəlişin açılması ilə bağlı müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

TIME rəsmi mənbəyə əsasən bildirir ki, müraciətdə avtomobil sürücülərindən Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərinə riayət etməyə çağırıb.

“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir”, – deyə qurumun rəsmi müraciətində qeyd edilib.

Xatırladaq ki, hazırda avtobusların şəhərlərarası hərəkətinə icazə verilmədiyinə görə, qeyd edilən şəhər və rayonlardan karantin rejimi tətbiq edilməyən digər rayonlara gediş-gəliş yalnız şəxsi avtomobil və taksi xidmətləri vasitəsi ilə mümkündür. Taksi xidmətləri isə karantin şəraitində müəyyən qaydalara uyğun şəkildə sərnişindaşıma ilə məşğul ola bilərlər, bunun üçün onların xüsusi icazəsi və avtomobillərinin salonunda arakəsmə olmalıdır.

Leave a Reply