Ötən ilin dövlət büdcəsi necə icra edilib və xarici dövlət borcu nə qədər artacaq?

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 35 236 394,3 min manat olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanunda qeyd olunub.

Xərclər isə 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilib.

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, ötən 5 ildə dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artıb. Artım 50 faiz təşkil edib.

Nazir qeyd edib ki, ənənəvi olaraq dövlət büdcəsinin böyük hissəsi sosial yönümlü xərclərə yönəldilir.

S. Şərifov onuda bildirib ki, xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir.

“Xarici borcun belə aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib ki, ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub.

Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilək” , – deyə o vurğulayıb.

Dövlət büdcəsinin icrasına dair illik hesabatına Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd olunub ki, dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.

Dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 mln. manatdan çoxu istifadəsiz saxlanılıb.

Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Leave a Reply