Görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova vəfat edib

Xalq artisti Rəfiqə Axundova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Trend xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və bir sıra rəsmi şxəslər iştirak edirlər.

93 yaşında vəfat edən görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951–1952, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Zarema (“Baxçasaray fontanı”, B.Asafyev), Jizel (“Jizel”, A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (1968, T.Bakıxanov), “Qobustan kölgələri” (1969, F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (1969, R.Hacıyev), “İldırımlı yollarla” və “Yeddi gözəl” (1975, 1978, Q.Qarayev), “Babək” (1986, A.Əlizadə), “Şelkunçik” (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” (1976) baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

Əlcəzairdə “Üç inqilab” (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə “Muğam” (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə “Yeddi gözəl” (1979), Antverpendə “Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoyub. “Xəzər balladası”, “Qobustan kölgələri” və “Azərbaycan süitası” 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə “Yeddi gözəl” baletini Ankarada tamaşaya qoyub (M.Məmmədovla birgə).

Leave a Reply