Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə şagirdlərin qəbulu elan edilib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagirdlərin qəbulu elan edilib.

Tədris Azərbaycan dilində aparılır. Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2024-cü il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. 

İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında “Şəxsi kabinet” yaratmalı və hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 2024-cü ilin  1 aprel tarixinədək dim.gov.az saytının baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər. 

Qəbul imtahanı 14 aprel 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahanların keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

  • Azərbaycan dili;
  • Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər:

şəxsiyyət vəsiqəsi;

İmtahana buraxılış vərəqəsi;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

Leave a Reply