Onkoloji xəstəliklərin icbari sığortası, xəstələrin klinika seçmə hüququ, yoluxucu xəstəliklər və reproduktiv sağlamlıq problemləri

Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bu və digər problemlərin həllinin vacibliyini vurğulayıb.

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclasın gündəliyinə iki məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib. 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclasda onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problem olduğunu qeyd edib.

O bildirib ki, bu istiqamətdə işlər aparılır.

“Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə görüşlərimiz keçirilib. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq. Onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edən məsələdir və düşünürəm ki, bu da icbari tibbi sığorta tərəfindən qarşılanmalıdır”, – deyə o, əlavə edib.

Komitə sədri Tibbi tullantıların idarə olunması böyük əhəmiyyət kəsb etdiyinidə qeyd edib və bildirib ki, tibbi tullantıların düzgün idarə olunmaması ölkədə bir sıra xəstəliklərin, epidemiyaların yaranmasına gətirib çıxara bilər.

“Bakıda bu sahədə işlər qənaətbəxş hesab etmək olar. Regionlarımızda isə tibbi tullantıların idarə olunması zəifdir. Bu sahə üzrə işlərin görülməsinə ciddi ehtiyac var” – deyə o, əlavə edib.

Əhliman Əmiraslanov onuda deyib ki, xəstələrin klinika seçmə imkanı təmin olunmur və vətəndaşlarla görüşlər zamanı qeyd edilən ən əsas problem məhz bu məsələdir.

“Biz elə bir səviyyəyə gəlib çıxmalıyıq ki, xəstə ona yaxın olan, onun istədiyi klinikada müalicə oluna bilsin. Bu sahə üzrə bizə daxil olan müraciətlər çoxluq təşkil edir” – deyə o, əlavə edib.

Komitə sədri bildirib ki, dünyada və Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil.

Xüsusilə qriplər, qripin ağır ştammları yayılır, xüsusilədə qızılca xəstəliyi vurğulanır.

“Yolxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Nəzarətin zəifləməsi bu xəstəliklərin alovlanmasına səbəb ola bilər. Səhiyyə orqanları gərək bu sahədə daim iş görsünlər. Bunları nəzərə alaraq, Milli Məclisdə yolxucu xəstəliklərlə bağlı dinləmənin keçirilməsini təklif etmişik”, – deyə komitə sədri əlavə edib.

Ə. Əmiraslanov onu da qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində geniş iş gedir.

“Biz gözləyirik ki, yaz sessiyasında bu qanun Milli Məclisə daxil olacaq və bunu müzakirəsini aparacağıq. Vətəndaşlar tərəfindən də bu qanunun qəbul olunması gözlənilir. Bir daha vurğulamaq istərdim ki, qanun üzərində ciddi iş aparılır, müxtəlif tərəflərin təklifləri nəzərə alınır, çatışmazlıqlar aradan qaldırılır”- deyə komitə sədri əlavə edib.

Leave a Reply