İmmunoprofilaktika sahəsində vətəndaşların hansı hüquqları var?

Yoluxucu xəstəliklərin immunoprofilaktikası dedikdə, profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsi başa düşülür. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki şəxslər tərəfindən aparılır.

Baş Prokurorluğun  #maariflənirmə heştəqi altında təqdim etdiyi materialda qeyd edilib ki, profilaktik peyvəndlər müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.

İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmişdir.

İmmunoprofilaktika sahəsində vətəndaşların aşağıdakı hüquqları var:

–    profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq;

–    mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçmək;

–    dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq;

–    real əks göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək.


İmmunoprofilaktika sahəsində vətəndaşların aşağıdakı vəzifələri var:

–    tibb işçilərinin immunoprofilaktika ilə bağlı göstərişlərini yerinə yetirmək;

–    epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək.

Leave a Reply