Hansı texnologiya olmasa daha yaxşı olardı?

“Bu günün sualı?” rubrikasının növbəti sualı texnologiyalarla bağlıdır: “Hansı texnologiya olmasa daha yaxşı olardı və niyə?”

Texnologiyalar haqda artıq bir neçə il məqalələr yazan və azdan çoxdan məlumatı olan sıravi vətəndaş və ana kimi düşünürəm ki, insanların gündəlik həyatında mövcudluğu ziyan verən texnologiyaların yaxınlığımızda olmasa daha yaxşı olardı. Lakin texnologiyaların insanların həyatının asanlaşdırılmasında böyük rolu var, onlardan imtina etmək, sivilizasiyanı geri atmaq kimi qiymətləndirilə bilər.

Buna görə də, məncə texnologiyadan imtina etmək deyil, onun istifadəsinə məntiqə və elmi araşdırmaların nəticələrinə əsaslanan limitlər və nəzarət düymələri qoymaq daha doğru olardı.

Misal üçün, məlum olduğu kimi, istənilən kompüterin istismar müddəti mövcuddur, bu müddət 3 il təşkil edir və istismar müddəti bitdikdən sonra kompüterdən aldığımız şüanın miqdarı artmağa başlayır. Bu müddət bitdikdə onu təzələmək lazımdır.

Kompüter qarşısında fasiləsiz 45 dəqiqədən çox hərəkətsiz oturmaq insan orqanizminə ziyandır, buna görə də hər saatda 15 dəqiqəlik fasilə, otağin havasının dəyişməsi mütləqdir.

Hamilə qadınların, uşaq və yeniyetmələrin kompüter və mobil cihazlardan istifadəsi zamanı məhdud olmalıdır, yəni yalnız vacib işlərin yerinə yetirilməsi qədər qısa bir müddət.

Tibb və sənaye üçün nəzərdə tutulmuş avadanlıqların və texnologiyaların yaxınında olmaq istənilən insan üçün, xüsusi ilə xroniki xəstəlikləri olan insanlar üçün ziyandır və bunun qarşısı alınmalıdır.

Bu gün isə bütün dünya üzrə 18-24 yaş arası insanlar gününün böyük bir hissəsini sosial şəbəkələrin xəbər lentlərini izləmək, telefonla danışmaq, videolar çəkərək paylaşmaq kimi işlərlə məşğuldurlar. Bəzən onlar bunu artıq özlərinə ziyan vuraraq edirlər, belə ki, gənclər telefonun ekranından ayrılaraq təhsilləri və ya iş ilə məşğul olmaq yerinə bütün vaxtlarını smarfonlarında “öldürürlər”.

Sosial şəbəkə lentlərinin kontentini zənginləşdirmək uğrunda bu gün dünya əhalisinin böyük bir hissəsi çalışır, və dünya əhalisinin böyük hissəsi bu şəbəkələri izləmək ilə məşğuldur.

Maraqlısı da odur ki, onlar bunu pulsuz edirlər, çünki bu onların eqolarını doyuzdurmaq, gerçək həyatdan qaçmaq, könüllü olaraq illüziyalara qapılmaq kimi şüuraltı tələbatlarını ödəyir. Bir düşünün, kimsə sizə onun üçün 8-12 saat pulsuz işləmək təklif etsə bunu edərsinizmi? Əlbəttə ki, yox. Sosial şəbəkələrdə isə edirsiniz, pulsuz kontent yaradırsız, paylaşım edirsiz.

İnsanların sosial şəbəkələrdə və internetdə keçirdikləri vaxt hər il artır. Buna görə də Çin yetkinlik yaşına çatmayanların smartfonlardan və Ümumdünya Şəbəkədən istifadə müddətini məhdudlaşdırmaq qərarına gəlib.

Artıq özəl və dövlət qurumları, hətta cinayətkarlarda onlayna keçib. Bunların hər birisi realda necədirsə onlaynda da eynidir. İşgüzar insan işləyir biznesini reklam edir, dövlət xidmət göstərir və maarifləndirir, cinayətkar isə cinayət törədir. Məhz buna görə də sosial şəbəkələrə şəxsiyyəti təsdiq edən sənədlərlə qirişin aktuallığı artır.

Süni İntellektin və yeni nəsil robotların inkişafını nəzərə alaraq demək olar ki, insanların artıq uzun zaman ağır işlərdə işləməyinə, işdə saatlarla kompüter arxasında oturmağına ehtiyac qalmayacaq, çünki robotlar işin bir qismini görəcəklər.

Amma bir sualda yaranır ki, sənayedə, kənd təsərrüfatında, banklarda, dükanlarda və digər qurumlarda süni intellekt ilə robotlar ağır və statik işləri gördüyü halda, insanlar boş qalan asudə vaxtlarını nə ilə dolduracaqlar? Ümid edək ki, bu sosial şəbəkələrin zənginləşdirilməsi deyil, xobbilərin, incəsənətin, kreativ sənayenin inkişafı olacaq.

Siz nə düşünürsünüz? Şərhdə yazın.

Aynur Vəliyeva

Leave a Reply