Animatorların inkişaf proqramına qəbul başladı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə  Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə  həyata keçirilir.  Təlimi nəzərə alaraq  ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.

Bu təlim “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri “Netflix” və “Apple TV” daxil olmaqla beynəlxalq yayım platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

Qeydiyyat oktyabrın 8-nə qədər davam edəcəkdir. Təlim proqramında iştirak etmək istəyənlər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) animasiya@creative.az ünvanına göndərə bilərlər.

Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən.

Leave a Reply