Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə nə baş verəcək?

Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək.

TIME Trend-ə istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə əsasən, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız Rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv olunacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zaman deyib ki, Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Onun sözlərinə görə, maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək. Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Leave a Reply