“Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi keçiriləcək

Heydər Əliyev Mərkəzində tezliklə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Harbiye Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı)  saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar.

Uzun Həsən (tam adı: Uzun Həsən ibn Əli ibn Qara Yuluq Osman) 1423-cü ildə Diyarbəkirdə dünyaya gəlib, 6 yanvar 1478-ci ildə Təbriz şəhərində vəfat edib.

Tarixə nəzər salsaq görərik ki, Uzun Həsən Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Ağqoyunluların IX hökmdarı və sülalənin hökmdarı olub. Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olub, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoyub.

1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıdıb. Cahangir Mirzə Mardinə qaçıb, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girib.

Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmed oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi öldürülür.

Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir.

1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı, Ağqoyunlu dövləti onu əvəz etdi.

Leave a Reply