Tokay Məmmədov – heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı professor Tokay Məmmədovun anadan olmasından 96 il ötür.

TIME elmi mənbəyə istinadən bildirir ki, Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb.

Uşaqlıqda Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib.

“Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı. Artıq onun yaradıcılığı bizə məlumdur”

Pyotr Sabsay

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi.

P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır. O, 1951-ci ildə Repina adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir.

F. Əbdürrəhmanov öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad (hazırki Sankt-Peterburq) şəhərinə gedir və İ. E. Repin adına Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, rus sənətkarları V. Senayski, A. Matveyev və M. Kerezindən dərs alır, heykəltaraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir. Heykəltaraşın erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür.

Peşəkar sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülmüşdür.

Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır. Bu portretin yaradılması təsadüfi deyildi. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltaraş müstəqil şəkildə ilk dəfə alimin portretini canlandırır. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsər gənc heykəltaraşın ilk uğuru kimi qiymətləndirilir.

Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir. Bu portretdə heykəltaraş daxili psixoloji keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə etmişdir. Bu xırda nüansları nəzərə almasaq, həqiqətən də heykəltaraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkir.

Tokay Məmmədov 2018-ci il mayın 2-də, 90 yaşında vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Leave a Reply