Azərbaycanın turizm özəllikləri Böyük Britaniyada nümayiş edilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları  Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 15-16 iyul 2023-cü il tarixlərində keçirilən tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib.

Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.  

Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib. Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.

Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb.

Sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib.

Qeyd edək ki, Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir. Bu il sərgidə Kipr, Yunanıstan, Malta, Portuqaliya, Çili, Ekvador, Kolumbiya, İslandiya, Bolqarıstan, Fransa, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstraliya, Tayvan, Malayziya kimi ölkələrin nümayəndələri daxil olmaqla 270-dən çox şirkət və qurum təmsil olunub.

Leave a Reply