Xocavənddə “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılacaq

Azərbaycan Prezidenti İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu (bundan sonra – Qoruq) elan edilir.

Azərbaycan Nazirlər Kabineti iki ay müddətində:

– Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməlidir;

– Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

– Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməlidir;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi:

– Qoruğun idarə olunmasını təmin etməlidir;

– bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Qey edək ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.

Leave a Reply