İctimai nəqliyyatda havalandırma problemləri nə ilə bağlıdır?

Global iqlim dəyişiklikləri fonunda artıq havalar mövsuma görə dəyişmir və son zamanlar qış aylarında qısa müddətli yaz havası müşahidə olunduğu kimi, yaz aylarında da qış havası müşahidə olunur. Məhz buna görədə havalandırma və isitmə sistemlərinin artıq mövsümə deyil, iqlimə görə tənzimləməyə ehtiyac duyulur və bu əsasən ictimai nəqliyyatda özünü büruzə verir.

TIME “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi mэlumta istinadən bildirir ki, bu günlərdə havaların istiləşməsi nəticəsində hər il olduğu kimi diqqət avtobuslarda və metroda havalandırma sistemlərinin necə işlədiyinə fokuslanıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sorğumuza cavab olaraq bildirib ki, yeni nəsil kondisionerli vaqonlarda və metro stansiyalarında havalandırma mikroiqlim nəzarəti avtomatik sistemi daim işləyir, havanın temperaturu mövsuma uyğun şəkildə avtomatik olaraq sistem tərəfindən tənzimlənir. Fəsillə bağlı olaraq vaqonlarda havanın temperaturu 25-27 dərəcə təyin olunubsa kondisioner sadəcə bunu tənzimləyir.

Bəs nə üçün vaqonlarda yaz-yay aylarında hava bəzən çox isti olur? Bu suala cavab olaraq B. Məmmədov qeyd edib ki, yaranan diskomfortun əsas səbəbi stansiyalarda dayanarkən qatarın qapısının açılıb bağlanması vaxtı avtomatik söndürülən kondisionerlərin vaqonlara perondan daxil olan isti havanın emal etməsi üçün müəyyən vaxt tələb etməsi ilə bağlıdır.

“Bu digər kondisioner işlədilən məkanlarda da müşahidə olunur, xaricdən otağa isti hava daxil olduqda kondisionerin havanı emal etməsinə daha çox vaxt tələb olunur. O ki, qaldı stansiyalarda havanın temperaturunun tənzimlənməsinə, burada artıq güclü sənaye ventilyatorlar havalandırmanı təmin edir və hazırda Bakıda ən müasir sistemlərdən istifadə edilir”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı TIME-a açıqlamasında bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığını təmin etmək məqsəsi ilə hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

“Prosedura uyğun olaraq hər il iyunun 15-də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Sərnişindaşıma şirkətlərinə eyni zamanda tapşırılır ki, yay mövsümü başlamazdan əvvəl belə olsa, sərnişinlərin rahatlığı üçün avtobuslarda iqlim dəyişikliklərinə uyğun tempuratur göstəricilərini tənzimləsinlər”, – deyə BNA rəsmisi qeyd edib.

Qeyd edək ki, bəzən sərnişin çoxluğundan pik saatlarda ictimai nəqliyyatda, əsasəndə avtobuslarda kondisionerlər təyin edilən temperaturu təmin etməyi çatdırmırlar, avtobus salonlarında sərnişinlər məcburən pəncərələri açmalı olurlar, buda öz növbəsində sürücü ilə sərnişin arasında konfliktlər yaradır.

Leave a Reply