Ekiz kometlər məsələsinə yeni baxış təqdim edilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, seminarda ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Ekiz kometlər məsələsinə yeni baxış” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Meyer komet qrupunun statistik təhlili həyata keçirilib. Müəyyən olunub ki, qrup əsasən komet cütlüklərindən ibarətdir. Məruzəçi bildirib ki, belə cütlükləri iki səbəblə izah etmək olar:

– Əgər fraqmentlərin fiksasiya anları bir neçə il fərqlənirsə, onda onlar nisbətən daha iri cismin bu yaxınlardakı parçalanmasından əmələ gəlmişlər;

– Əgər fərq daha böyükdürsə (məsələn 5 ildən 11 ilədək və ya daha çox), onda onlar eyni cismin Günəşə tərəf ayrı-ayrı qayıdışları hesab oluna bilər.

Alim qeyd edib ki, əgər ikinci ehtimal həqiqətə yaxındırsa, Meyer qrupunun “ana” kometinin dövretmə müddəti çox da böyük deyildir. Ola bilsin ki, o, Yupiter ailəsinə mənsub periodik kometlərdən biri olub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply