Azərbaycanda Ali Kino İnstitutunun yaradılması təklif olunur

Geniş imtiyazlara ma­lik olan Ali Kino İnstitutunun Mədəniyyət və İncəsənət Universitenin nəzdində və ya Kino Agentliyinin tabeliyində yaradılması təklif olunur.

TIME bildirir ki, təklifi kinorejissor və ssenarist Şamil Əliyev bu yaxınlara Azərbaycan kinosunun reallıqlarına, çağırışlarına və hədəflərinə həsr edilmiş kinoforum ilə bağlı məqaləsində irəli sürüb.

Kinorejissor qeyd edib ki, kinoforum kino sektorunda çoxsaylı, illər­lə yığılıb qalmış problemlərin həll olun­maması, bu proseslərin davamlı şəkildə daha geniş və peşəkar müzakirələrə eh­tiyacı olduğunu ortaya çıxarıb.

“Kinoforum problemlərin həlli yollarını axtarmaq üçün fikirlərin, mövqelərin mü­zakirəsi, dərdlərin bölüşülməsi istiqamə­tində irəliyə doğru atılan bir addım oldu. Bu mənada dövlətimizin mədəniyyət si­yasətini idarə edən şəxslər və strukturlar milli kino sənayesinin bir çox məsələlə­rindən agah oldular və sektorun əsas iştirakçılarının potensialına yenidən qiy­mət vermək imkanı əldə etdilər. Fikrim­cə, bu məqam yol xəritəsinin formalaş­dırılması üçün çox vacib amil olmalıdır”, – məqalədə qeyd edilib.

Şamil Əliyev Azərbaycandakı kino sferasında ürəkaçan məqamların az olduğunu bildirib və ölkəmizin beynəlxalq kino fondlarında müştərək layihələrinin təmsil olunmamasını, EUROIMAGE üzvlüyünə hələ də qəbul olunmamağımızı, Azər­baycanda Beynəlxalq səviyyəli (FIAPF-da qeydiyyatdan keçmiş) film festival­larının olmamasını, Kino Agentliyinin bu vaxta qədər fəaliyyətə başlamamasını, kino yayımında və dublyajda problemlə­rin mövcudluğunu, prodüser və distribüter institutlarının beynəlxalq səviyyədə zəif təmsil olunmasını misal kimi göstərib.

“Məhz buna görə gecikmədən kino sektorunun inkişafının yol xəritəsi hazırlanaraq Kino Agentliyinin icrasına təqdim olunmalıdır. Kino Agentliyi mütləq peşəkar, ali savadlı kadrlardan təşkil edilməlidir. Fikrimizcə, Azərbaycan kino tarixində müstəsna rol oynamış “Azərbaycanfilm” Kino Mərkəzi kimi fəaliyyət göstərməli, çəkiliş pavilyonları müasir kino sənaye­sinin tələblərinə uyğun yenidən qurulub istifadəyə verilməli, müxtəlif yaradıcı­lıq birliklərinin fəaliyyətini bu mərkəzdə cəmləşdirməklə rentabelli bir təşkilata çevrilməlidir.

Dövlətin təsis edəcəyi Kinofond çər­çivəsində ayırdığı maliyyənin bölüşdü­rülməsi şəffaf müsabiqələrlə, Pitçinqlə müəyyən olunaraq müxtəlif studiyalar arasında paylanmalıdır. Hər hansı bir layihə 100 faiz dövlət tərəfindən maliy­yələşdirilməməlidir. Müxtəlif studiyalar (“Azərbaycanfilm” də daxil olmaqla) bu müsabiqələrdə iştirak etməlidirlər. Belə olan təqdirdə dövlətdən tam asılılıq vərdişindən uzaqlaşarıq, prodüser isə layihənin sahibi kimi fəaliyyət göstərmiş olar.

Dövlət kino sferasına ilkin mərhələ­də kino sənayesinin qurulması üçün müəyyən maliyyə vəsaiti ayırmalı və bu prosesi çox ciddi nəzarətdə saxlamalı­dır. Dövlətin özəl sektora müsabiqələr, tenderlər vasitəsi ilə sifarişlər verməsi praktikasını reallaşdırmağın nə qədər vacib olması mübahisə doğurmamalıdır.

Yerli investorların davamlı olaraq kino sektoruna maliyyə yatırımını təmin etmək üçün vergi qanunlarında müəy­yən güzəştli şərtlərin olmasını təmin et­mək lazımdır. Azərbaycanda kifayət qə­dər investor mövcuddur ki, belə şərtlər daxilində yatırım etməyə hazırdır. Kino sferasında artıq mövcud olan özəl sek­torun fəaliyyəti bunu deməyə əsas verir.

Kino sektorunda müəlliflər heyətində mütəxəssis problemi olmasa da, kömək­çi sahələrdə (I asistent, qrim rəssamı, geyim üzrə rəssam, rəssam-arxitektor, pirotexnik, kaskadyorlar) böyük çatış­mazlıqlar vardır. Bu gün istehsalata, eyni zamanda, 10 tammetrajlı film buraxılsa, bu, daha kəskin şəkildə özünü göstərə­cək. Bu isə kino sənayesinin vacib tələb­lərindəndir. Məhz bu nöqteyi-nəzərdən Mədəniyyət və İncəsənət Universitenin nəzdində (Kino Agentliyinin tabeliyində də ola bilər) daha geniş imtiyazlara ma­lik Ali Kino İnstitutunun yaradılması da aktual görünür.

Həyatı və insan yaşayışını maraqlı edən onu bezdiricilik sindromundan qur­taran müxtəliflikdir. Zövqlərin, tələbatın, istəklərin müxtəlifliyi, bu rəngarəngliyi tanımaq, öyrənmək insana həyatı sevdi­rir. Müasir Azərbaycan kinosu da müxtə­lif janr və istiqamətlər üzrə həyatımızın çeşidli tərəflərini maraqlı hekayələrlə bədii-vizual əsərlər halına gətirərək, tariximizin bir hissəsinə çevrilməkdə­dir. Amma müxtəliflik bədii dəyər ifadə etmədikdə kino çəkmək üçün çəkilən zəhmət də, sərf olunan zaman da in­sana təəssüf hissindən başqa bir hiss yaşatmır”, – deyə kinorejissor kino sahəsinin aktual problemlərindən yazıb.

Leave a Reply