Azər Paşa Nemətov vəfat edib

Bu gün Xalq artisti Azər Paşa Nemətov 76 yaşında vəfat edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azər Paşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıclıq istiqmətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə dqəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olaraq  sənətkarın qəfil vəfatından kədərləndiyimizi bildiririk, doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verir, Allahdan ona rəhmət diləyirik!

Allah rəhmət elsəin!

Leave a Reply