Prezident İlham Əliyev: Səfər çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə çıxış edən Prezident Emoməli Rəhmon Azərbaycanla Tacikistan arasında münasibətlər bir çox istiqamətlər üzrə inkişaf etdiyini və bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verildiyini qeyd edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və çox yaxşı gələcəyi olduğundan əminliyini qeyd edib: “Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”, – dövlət başçımız qeyd edib.

Daha sonra Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.

Dövlətimizin başçısını salamlayan Prezident Emoməli Rəhmon bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf etdiyini qeyd edib: “Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək”, – deyə Tacikistan Prezidenti bildirib.

Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində yeni qərarların qəbul ediləcəyini, çoxlu sənədlərin imzalanacağını, onların dövlətlərarası münasibətlərin gələcək inkişafını müəyyən edəcəyini bildirib: “Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim”, -deyə Prezident qeyd edib.

Leave a Reply