Xalq yazıçısı Anar Rzayev yubileyini qeyd edib

“İlk yazımı 14 yaşımda yazıb ata və anama oxuyanda atam “sən də yazıçı oldun” – dedi. Amma 21 yaşıma qədər yazdığım yazıların heç birinin çap olunmağına icazə vermədi. “Ötən ilin son gecəsi” adlı hekayəmi yazanda oxudu və “bunu çap etdirə bilərsən” dedi və ilk yazım jurnalda belə çıxdı”…

TIME Azərbaycan Kinematoqrafçılar İttifaqının məqaləsinə istinadən bildirir ki, bunu 85 yaşını qeyd edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar Rzayev deyib.

Onun sözlərinə görə, 1952-ci ildə Qarabağın dilər guşəsi olan qədim Şuşa şəhərində yay aylarını istirahət edən və bu fürsətdən bəhrələnib qələmin gücünə arxalanaraq yazdığı ilk bədii yazılarını -“İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesi onun həyatında mühüm rol oynayıb.

İlk mətbu əsərləri “Azərbaycan” jurnalının 1960-cı il dekabr nömrəsində dərc olunan “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələri olub. Onun Azərbaycan dilində, eyni zamanda müxtəlif dillərdə 120 dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib.

Yazıçı deyir ki, qələmə aldığı əsərlərdə konkret nə kişi, nə də qadın qəhrəmanlar həyatda gördüyü insanlar deyil, sadəcə oxuduğu, eşitdiyi hadisələrdən yaranan obrazlardır: “Əsər yazıçı təxəyyülünün, fantaziyasının məhsuludur. Təxəyyül məhsuludursa, artıq avtobioqrafik məqamlardan söhbət gedə bilməz. Əsərlərimdə müsbət və ya mənfi qəhrəman yoxdur. Çalışıram ki, insanı olduğu kimi, bütün tərəfləri ilə təqdim edim. Çünki nə tam yaxşı, nə də tam pis insan olmur. Sadəcə, bəzilərində yaxşı, bəzilərində pis cəhətlər daha çoxdur”.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Anarın yaradıcılığı ölkəmizdə daima maraq doğuran bir tədqiqat obyektinə çevrilmişdir. Ötən əsrin 70-80-ci illərindən başlayaraq B.Vahabzadə, B.Nəbiyev, Y.Qa-rayev, Q.Xəlilov, N.Cəfərov, A.Hüseynov, K.Abdulla, A.Dadaşzadə, R.Ulusel və başqaları tərəfindən Anar yaradıcılığna yüksək qiymət verilmiş, yazıçı haqqında onlarla əsərlər dərc olunmuşdur. Onun haqqında yazılan “Anar (Foto-kitab)”, “Pəncərədən daş gəlir”, “Anarın dili. Nəsr, dramaturgiya, publisistika”, “Anlanılmamaq dərdi”, “Anarın bədii nəsrində xarakter problemi”, “Anar. Yazıçı, mütəfəkkir – alim, ictimai xadim”, “Rəfibəylilər”, “Qlobal düşüncə məkanında Azərbaycan ədəbiyyatı və Anar yaradıcılığı”, “Anar. Hayatı, sanatı və hikayeleri” (Türkiyə), 2006), “Çağdaş Azərbaycan yazarlarından Anarın romançılığı üzərində bir incələmə”(Türkiyə), “Anar və folklor”, “Ürəkdən baxış”, “Anar”, “Onuncu portret” və s. kitabların hər birində yazıçının geniş şaxəli yaradıcılığı təhlil olunur, onun qələmə sarıldığı anı əks etdirən hissləri, duyğuları diqqətə çəkilir.

Qeyd edək ki, kino Anarın yaradıcılığında önəmli bir yer tutur. Ssenariləri əsasında Torpaq.Dəniz.Od.Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Qəm pəncərəsi” və s. filmlər çəkilib. Bir çox filmlərin ssenari müəllifi olmaqla yanaşı, quruluşçu rejissoru da olub. Onun əsərləri digər ölkələrin kinematoqrafçılarının diqqətini də çəkib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi (ssenari E.Radzinski, rejissor S.Samsonov) çəkilib. Eyni hekayə əsasında Türkiyədə də bədii film çəkilib. Bundan başqa, Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib.

Xalq yazıçısının 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi, Milli Məclisin Mədəniyyət komissiyasının sədri olması və bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul etdirməsi yaxın keçmişdə baş verdi.

Maraqlı məqamlardan biri də odur ki, yazıçı ötən ömrə boylananda peşman olduğu heç bir şeylə qarşılaşmadığını, ancaq təəssüfləndiyi məqamların olduğunu bildirir: “Düşünürəm ki, ictimai işlərə az, yaradıcılığa daha çox vaxt sərf etməliydim. Mən ictimai-siyasi fəaliyyətə ömrümün böyük bir qismini, demək olar ki, 30 ilini həsr etdim. Düzdür, o dövrdə bu da lazım idi, hətta vacib idi. Amma mən həmin illər ərzində yaza biləcəklərimin onda birini yazmadım”.

Nə qədər təəssüflənsə belə, yenə də yazıçılığa həsr etdiyi bütün gücünü, ictimai işlərdə də ortaya qoydu. Onun arzuları çoxdur, deyir ki, hələ uzun illər yaşamaq, çoxlu yaradıcılıq niyyətlərini həyata keçirmək istəyir.

Leave a Reply