İlk fransızdilli azərbaycanlı yazıçı kim olub?

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri yazıçı, tərcüməçi Ümmülbanu Mirzə qızı Əsədullayeva (Banin) 1905-ci ilin yanvar ayında Bakıda anadan olub. O, 19 yaşında Fransaya, qohumlarının yanına gedib. Bir müddət işsiz qaldıqdan sonra şəhərdə dəftərxanada işləməyə başlayıb. Boş vaxtlarında hər kəsə Bakı haqqında danışan Ümmülbanu, fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  Paris həyatı, xüsusilə 30-cu illərin ədəbi mühiti Ümmülbanuda yaradıcılığa xüsusi maraq doğurub. O, daha çox Azərbaycanla bağlı mövzulara müraciət edib. Gənc yazıçının “Hami” adlı ilk romanı 1934-cü ildə çap olunub. Araşdırmalarda qeyd edilir ki, 1946-cı ildə onun “Banin” imzası ilə “Qafqaz günləri” adlı kitabı çapdan çıxıb. Kitab işıq üzü gördükdən sonra Banin Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernst Yunger kimi Qərb yazıçılarının diqqətini cəlb edib. Mövzusu Azərbaycan həyatından götürülən bu əsərdən sonra müəllif “Paris günləri”, “Ernst Yungerlə görüş”, “Sonra”, “Sonuncu ümidin çağırışı”, “Xarici Fransa”, “Ernst Yungerin portreti” və digər romanları qələmə alıb. Bu əsərlər də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. O, qələmini tərcümə sahəsində də sınayıb. Rus, ingilis və alman dillərindən tərcümələr edib.Banin özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edib. Yazıçı ana yurdunun həqiqətlərinə biganə qalmayıb. Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Assosiasiyasının üzvü olan Ümmülbanu Banin 1990-cı illərin əvvəllərində dövri mətbuat səhifələrində Qarabağ hadisələri ilə bağlı məqalələr yazıb, Fransa ictimaiyyətinə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat verib.Baninin sonuncu bədii əsəri – “Məryəmin mənə danışdığı” romanı 1991-ci ildə işıq üzü görüb. O, bir il sonra 1992-ci il oktyabrın 29-da vəfat edib. Həmin gün Parisdə çıxan “Fiqaro” qəzetində yazıçının ölüm xəbəri “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib” başlığı altında dərc edilib.

Leave a Reply