Fermerlər nədən narazıdırlar?

Kənd təsərrüfatı yarmarkalarında vasitəçilər qiymətlərə təsir edirlər. Fermerlərə ayrılan vəsaitlər onlara vaxtında çatmır.

TIME Trend-ə istinadən bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev yarmarkalarda olduğunu qeyd edib.

“Kənd təsərrüfatı yarmarkaları var. Özüm də bir neçə dəfə orada olmuşam. Ortada vasitəçilər var və onlar da qiymətlərə təsir edir”, – deyə deputat qeyd edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Bakı və Abşeron ərazisində mütəmadi olaraq “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.

Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Fermerlərin daha bir problemi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı dövlət tərəfindən ayrılan vəsaitin onlara vaxtında çatmamasıdır.

Bunu iclasda deputat Cavanşir Paşazadə deyib. O qeyd edib ki, vəsait ayrılır, amma sənədləşmələrin gecikdirilməsi problem yaradır.

“Sənədlər banka gedir, bank onları qaytarır, təkrar göndərir, yenə qaytarır. Fermer artıq gübrə almalı, torpağı əkməli idi, bu proses də gecikir. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumlarının əməkdaşları fermerlərlə banklar arasında bu kimi problemlərin həlli ilə məşğul olmalı, yalnız statistika aparmamalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, subsidiyanın baza məbləği 200 manatdır.

Leave a Reply