Səhv hesablanmış pensiyaları alanlardan ödənilmiş artıq məbləğ geri tutulacaq

Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

TIME Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, 2020-ci ildən sonra səhv hesablanmalarla bağlı cüzi rəqəmlər olub. “Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”, – deyə M.Quliyev bildirib.

Deputat Jalə Əliyevanın pensiyaların artıq hesablanmasında müvafiq qurumların əməkdaşlarının da səhvinin olması ilə bağlı fikrinə münasibət bildirən M.Quliyev deyib ki, qanunvericiliyə əsasən vəsaiti kimi alıb xərcləyibsə, o da qaytarmalıdır.

Qeyd edək ki, Milli Məclis dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur. Dəyişikliyə əsasən, həmçinin daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Leave a Reply