İçərişəhərdə festival keçirilir – FOTO

Rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları yeni ilin gəlişindən xəbər verir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli Qala” festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası, həmçinin, hər növ suvenir, əl işləri və digər bayram atributlarının, orqanik məhsulların təqdimatı gözləyir.

Şənliyin kiçik yaşlı qonaqlarına xüsusi zonalar ayrılıb ki, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur. Bakının qədim koloritini duymaq istəyənlər və Yeni İli ailəsi, dostları ilə yaddaqalan anlarla qeyd etmək istəyənlər, İçərişəhərdəki “Sehrli Qala”ya baş çəkə bilərlər.

Festivalda 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır. Belə ki, yarmarkada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, əl işləri, dekorativ əşyalar, qida və tekstil məhsulları, xidmətlər və s. sərgilənir. Həmçinin yarmarkada qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərə hazırladıqları məhsulları nümayiş etdirmələri üçün şərait yaradılıb.

Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirməklə onların inkişafına dəstək olmaqdır. Yarmarka 2023-cü ilin 17 yanvar tarixinədək davam edəcəkdir.

Leave a Reply