Azərbaycan iqtisadiyyatının artmı proqnozlaşdırılıb

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 4 faizdən çox proqnozlaşdırır.

TIME Trend-ə  istinadən bildirir ki, AİB-in baş iqtisadçısı Albert Park onuda qeyd edib ki, Azərbaycan enerji daşıyıcılarının yüksək qiymətlərindən faydalanıb.

“Azərbaycan enerji daşıyıcılarının yüksək qiymətlərindən faydalanıb, bu da ölkənin büdcə gəlirlərini, eləcə də cari əməliyyatlar balansını artırmağa kömək edib. Biz 2022-ci ildə Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozumuzu yaxşılaşdırmışıq. Bu il bu göstəricinin 4 faizdən çox olacağını, 2023-cü il üçün bir qədər aşağı göstərici proqnozlaşdırırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri cari geosiyasi hadisələr fonunda Rusiyadan Azərbaycana, Gürcüstana kapitalın hərəkəti, pul köçürmələri və digər səbəblər sayəsində müəyyən üstünlük əldə edib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ticarət axını cənuba doğru hərəkət edib. Bu, Azərbaycanın nəqliyyat marşrutlarını genişləndirməsi üçün bir fürsətdir. Digər imkan isə Azərbaycanla Aİ arasında qaz tədarükünün ikiqat artırılmasına dair razılaşma ilə bağlıdır ki, bu da Azərbaycan üçün faydalı sazişdir”, – A.Park deyib.

O əlavə edib ki, AİB 2022-ci ildə əksər regionlarda enerji qiymətləri və inflyasiyanın yüksək səviyyədə qalacağını və gələn il bir qədər azalacağını gözləyir.

“Eyni zamanda, proqnozlara əsasən, bu il Azərbaycanda inflyasiya ikirəqəmli olacaq”, deyə bankın baş iqtisadçısı bildirib.

Leave a Reply