Ruslan Quliyev: Qarabağdakı termal qaynaqlar dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər

İşğaldan azad edilən ərazilərdə sağlamlıq turizmini inkişaf etdirmək üçün böyük imkanlar var.

TIME Trend-ə istinadən bildirir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev hazırda işğaldan azad edilən torpaqlarda əsas işin sağlamlıq turizminin xəritəsinin hazırlanması olduğunu qeyd edib.

“Belə ki, şəfalı su ocaqlarının ətrafında yeni təsisatların yaradılması və sovet dövründən indiyə qədər mövcud olan mərkəzlərin bərpası önəmlidir”, – Assosiasiya sədri deyib.

R.Quliyev bildirib ki, investisiyaların cəlb edilməsi bu prosesi sürətləndirəcək.

“İnşaat işləri başlasa, 2025-ci ildən etibarən azad edilən ərazilər ilk turistlərini qəbul edə bilər. İşğaldan azad edilən ərazilərdə sağlamlıq turizmini inkişaf etdirmək üçün imkanlar var. Əsasən Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bu istiqamətlərdə təsisatların yaradılması sağlamlıq turizminin inkişafında böyük rolu olacaq. Sanatoriyalar müəyyən vaxtdan sonra əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər. Azad edilən torpaqlarda hava limanlarının tikintisi xarici turistlərin ölkəmizə daha çox gəlməsinə səbəb olacaq və sağlamlıq turizmi də bundan öz payını alacaq”, – deyə Assosiasiya sədri bildirib.

Leave a Reply