Bioloji mübarizə üsulu və onun üstünlükləri – fermerlərə məsləhət

Bitki mühafizəsinin müasir konsepsiyası əsas zərərvericilərin populyasiyasının kompleks şəkildə idarə olunması prinsiplərinə əsaslanır. Burada məqsəd ayrı-ayrı zərərvericilərə qarşı mübarizə deyil, onların populyasiyalarının yol verilən hədd səviyyəsində davamlı saxlanılmasıdır. Təəssüf ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi üsuldan istifadə olunur. Kimyəvi üsul çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki,  bu baxımdan zərərvericilərə qarşı mübarizədə kifayət qədər təhlükəsiz və çox perspektivli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının güclü inkişaf etdiyi ölkələrdə (ABŞ, Kanada, Avstraliya, Avropa İttifaqı ölkələri) zərərli orqanizmlərə qarşı mübarizədə bioloji mübarizə üsullarından geniş istifadə edilir və bu sahədə bioloji mübarizənin payı durmadan artırılır.

Bioloji mühafizənin mahiyyəti zərərli orqanizmlərə qarşı onların təbii düşmənlərindən və antaqonistlərindən [entomofaqlar və akarifaqlar (gənə ilə qidalanan həşəratlar), alaq otlarını yeyən fitofaqlar; alaq otlarının və bitki zərərvericilərinin xəstəliklərinə səbəb olan mikroorqanizmlər (bakteriyalar, göbələklər və s.) və viruslar] istifadə edilməsindən ibarətdir. Bütün canlılar kimi, zərərvericilər də xəstəliklərə həssasdırlar, yəni patogen orqanizmlər də onlara qarşı mübarizədə mühüm rola malikdir.

Bioloji mühafizə üsulunun  əsas istiqamətləri

  • ərazidə yaşayan faydalı orqanizmlərin (zərərvericilərin təbii düşmənlərinin-entomofaqların) qorunması və onların rolunun gücləndirilməsi;
  • süni şəkildə yetişdirilmiş entomofaqlardan (parazitlər və yırtıcılar) zərərvericilərin yayılma ocaqlarına buraxılmaqla istifadə edilməsi;
  • ərazi üçün yeni olan faydalı orqanizmlərin introduksiyası (çatdırılması, məskunlaşması) və uyğunlaşdırılması;
  • müxtəlif patogenlərin (xəstəlik törədən orqanizmlərin) bakterial, göbələk və viral pestisidlər kimi istifadəsi.

Son dövrlər ölkəmizdə bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün ən çox kimyəvi mühafizə üsulundan istifadə olunduğundan bioloji mühafizə üsulundan istifadə imkanları xeyli məhdudlaşmışdır. Buna baxmayaraq xüsusi maarifləndirici, təşviqedici proqramlarının həyata keçirilməsi, bioloji mühafizə üsulunun ətraf mühit, insan sağlamlığı və faydalı faunanın qorunmasında mühüm əhəmiyyətə malik olması barədə izahat işlərinin aparılması ilə bu sahədə müəyyən nəticələrə nail olmaq mümkündür.

Faydalı faunanın qorunması

Bioloji mühafizə vasitələri, zərərvericilərin populyasiyasını tamamilə məhv etmək üçün deyil, yalnız vurulan zərəri minimuma endirmək üçün onun sıxlığını azaltmaq məqsədi daşıyır. Bu halda zərəvericinin iqtisadi zərərlilik səviyyəsinin həddindən artıq olmasının qarşısı tətbiq olunan agent tərəfindən alınmalıdır. Bioloji mühafizənin nəticəsi o halda uğurlu hesab edilir ki, zərərvericilərin populyasiyasının sıxlığının azaldılması və onun daha aşağı səviyyədə sabitləşdirilməsi mümkün olsun. Əkin, bağ, meşə və yaşıllıq sahələri çoxkomponentli formasiya olduğundan, kimyəvi mübarizə tədbirləri aparılan zaman orada məskunlaşan orqanizmlərin yalnız bir qrupuna təsir etmək mümkün deyildir. Bu səbəbdən istənilən ərazidə kimyəvi mübarizə tədbirləri aparılan zaman zərərli orqanizmlərlə yanaşı faydalı faunanın da məhv olması qaçılmaz olur.

Qeyd etmək lazımdır ki, hər hansı bir zərəvericinin bütün sahə boyu bərabər şəkildə paylanması mümkün deyildir. Bu baxımdan, kimyəvi mühafizə üsulundan istifadə zamanı, sahənin başdan-başa deyil zərərvericinin daha çox yayıldığı hissələrində, lokal ərazilərdə dərmanlamanın aparılması, çiləmə aparılmayan hissələrdə faydalı fauna nümayəndələrinin (zərəvericilərin üzərində parazitlik edənlər) populyasiyasının saxlanmasına və gələcəkdə çoxalaraq bütün sahəyə yayılmasına şərait yaratmış olur. Geniş spektrli pestisidlərdən tez-tez istifadə olunması da, zərərli orqanizmlərdən daha çox faydalı həşəratlara zərər vurmuş olur. Bunu nəzərə alaraq qeyd etməliyik ki, zərərvericilərə qarşı kimyəvi mübarizənin qaçılmaz olduğu hallarda selektiv (konkret bir zərərverici üçün təsirli olan) pestisidlərdən istifadə olunması da müəyyən qədər faydalı fauananın qorunmasını təmin etmiş olur. Bütün zərərvericilər zəhərlərə qarşı yüksək müqavimətə malikdir və hətta ən güclülərinə öyrəşirlər, bu da dozanın daim artırılması zərurətini yaradır və zaman keçdikcə kimyəvi preparatlar təsir etmək xüsusiyyətini  tamamilə itirirlər. Həmçinin, kimyəvi maddələrin yüksək dozada və təkrar-təkrar istifadəsi təbii ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə mənfi təsirini göstərmiş olur.  Bu baxımdan, zərərli orqanizmlərə qarşı bioloji mühafizə vasitələrindən istifadənin əhəmiyyəti ön plana çıxmış olur.

Biopestisidlər

Dünyada bir çox elm mərkəzləri tərəfindən faydalı faunanın öyrənilməsi sahəsində tədqiqatlar aparılmış və onun nümayəndələrindən bitki zərərvericilərinə qarşı mübarizədə istifadə etmək imkanları qiymətləndirilmişdir. Faydalı həşəratların (entomofaqların) təbiətdəki rolu araşdırılmış, zərərvericilərin sayının tənzimlənməsi, parazitlərin yetişdirilməsi və onlardan tarla və istixana şəraitində istifadə üsulları işlənib hazırlanmışdır. Həmçinin, entomopatogen virusların, bakteriyaların və göbələklərin bioloji mübarizədə istifadəsinin fundamental prinsipləri işlənib hazırlanmış və son dövrlər bu orqanizmlər əsasında bioloji pestisidlərin istehsalına xüsusi önəm verilməkdədir.

Bioloji mühafizə vasitəsi kimi biopestisidlərdən istifadənin bir çox üstünlükləri vardır. Bunlara aşağıdakıları aid etmək olar:

  • kimyəvi preparatlardan fərqli olaraq biopestisidlərdən istifadə zamanı məhsulda zərərli pestisid qalığı aşkar edilmir, məhsuldan zəhərlənmə ehtimalı istisna olunur;
  • müxtəlif xəstəliklərin törədiciləri, eləcə də zərərverici həşəratlarda bu pestisidlərə qarşı dözümlülük (rezistentlik) yaranmır;
  • tətbiqdən sonra uzunmüddətli təsir (təxminən 30 gün) göstərir;
  • tətbiq vaxtı ilə bağlı heç bir məhdudiyyət yoxdur (bitkinin vegetasiyasının istənilən dövründə tətbiq edilə bilər);
  • bəzi preparatlarda xüsusi maddələr vardır ki, bunun sayəsində onlar yalnız zərərli orqanizmlərdən qorunmanı təmin etmir, həm də bitkilərin immunitetini artırır;
  • ətraf mühitə heç bir mənfi təsir göstərmir.

Bütün bunlar nəzərə alınaraq, zərərvericilərə qarşı mübarizə zamanı bioloji vasitələrdən istifadə ən səmərəli üsul hesab edilir və bu səbəbdən mühüm bir komponent kimi inteqrir bitki mühafizəsi sisteminə daxil edilmişdir.

Ətraf mühit və insan sağlamlığının qorunmasının diqqətdə saxlanılması günün tələbi olduğundan bitki sağlamlığının qorunması zamanı bioloji mühafizə üsullarından istifadənin genişləndirilməsinin təbliğ və təşviq edilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Leave a Reply