Bakıda əməkhaqqı, xidmət dəyəri, iaşə və ticarət dövriyyəsi artıb

Bakı Şəhər Statistika İdarəsi 2022-ci ilin yanvar-mart ayları üzrə statistik məlumatları açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2022-ci ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artaraq 1040,9 manat təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 1828,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1396,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,4 faizini təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 89,8 faiz artaraq 270,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170,9 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,1 faizini təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 faiz artaraq 7961,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4252,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7 faiz artaraq 3709,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 35,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

2022-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,1 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 23,6 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

2022-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,1 faizi mədənçıxarma, 12,7 faizi emal, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,7 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2022-ci il vəziyyətinə 272,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82,0 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Leave a Reply