Daşnak dəstələrinə müqavimət göstərən qoçu: “Birdən bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” – VİDEO

Azərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb.

“Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan edir.

1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərlərinə sarılaraq düşmən üzərinə hücuma keçirdilər.

Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi olaraq vurğulanır.

Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü verilir.

Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Yaşlı qoçulardan biri “Allah eləməsin, birdən bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” deyir və qadınları qorumağın nə qədər vacib olduğunu xatırladır.

Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir.

“Hökm” martın 31-i saat 18:30-da AzTV-də yayımlanacaq.

Leave a Reply