“Fətəli xan” filminin 75 illiyidir

1947-ci ildə Bakı kinostudiyası “Fətəli xan” filmini istehsalata buraxır. Tarixi-bioqrafik janrda çəkilən, XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan Fətəli xanın mübarizəsindən danışan filmin ssenarisini yazıçı, dramaturq Mehdi Hüseyn və  Ənvər Məmmədxanlı yazır .

TIME Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən bildirir ki, Quba xanı Hüseynəli xan (1726-1758-ci illərdə) ölümündən sonra oğlu Fətəlinin(1958) 23 yaşında hakimiyyətə gəlməsi və gənc olmasına baxmyaraq az bir vaxtda Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınması artıq bir tarixdir və bütün bunlar filmdə öz əksini tapıb.

1940-cı illərdə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri üçün görkəmli dövlət xadimləri haqqında bədii əsərlər yaratmağa geniş şərait yaradılır. Məhz həmin ərəfədə yazıçı Ənvər Məmmədxanlı “Fətəli xan” bədii filminin ədəbi ssenarisini yazıb kinostudiyaya təhvil verir.

Kinostudiyaya təqdim olunan ssenari müzakirə olunarkən bir sıra dəyişikliklərə məruz qalır. Sınaq çəkilişləri zamanı isə rejissorların və aktyorların təyin olunub, sonra başqaları ilə əvəz olunması kimi məqamlar hazırlıq prosesinin gedişatına öz mənfi təsirini göstərir.

Rəsul Rzanın kinostudiyaya rəhbərlik dövrü 1942-1944-cü illəri əhatə edir. Onun rəhbərliyi dövründə Bakı kinostudiyasında iş şəraiti yaxşılaşdırılmış və əməli tədbirlər həyata keçirilmişdi.

21 oktyabr 1943-cü il…Bakı kinostudiyasında keçirilən istehsalat müşavirəsində 1943-1944-cü illər üçün istehsalat planı müzakirə olunub. Həmin müzakirədə Rəsul Rzanın dediklərindən: “İrəlidə bizi böyük işlər gözləyir. “Arşın mal alan”, “Qubalı Fətəli xan” və “Robinzon Kruzo” bədii filmlərinin istehsal planı artıq təsdiq olunmuşdur… “Qubalı Fətəli xan” iri həcmli tarixi film olacaq. Bu film kino sənətinin bütün gücünü göstərməli, bizim bayrağımıza çevrilməlidir. Məhz bu filmlə biz sovet kinematoqrafiyasının ön cərgəsinə çıxmalıyıq. Ssenari öz poetikliyi, mənalı məzmunu, fəlsəfi ümumiləşdirmələri, xalqımızın tarixi keçmişini göstərməsi ilə fərqlənir. Bizim milli yazıçılarımız tərəfindən yazılmış bu ssenari Komitədə (SSRİ Dövlət Kinematoqrafiya Nazirliyi – A.K.) razılıqla qarşılandı və çox kiçik düzəlişlərlə qəbul olundu. “Fətəli xan” rejissorlardan Adil İsgəndərov, Mikayıl Mikayılov və operator Əsgər İsmayılova tapşırılmışdır. Digər operator isə dəvət olunacaqdır… Rəssam Nüsrət Fətullayevdir”.

Kinostudiyanın Bədii Şurası filmin rejissor ssenarisini tənqid hədəfinə çevirirlər. Rejissorlara düzəlişlər aparmaq tövsiyə edilir və bundan sonra filmin çəkilişinə icazə verilir.

Filmin müzakirəsilə bağlı kinostudiyada keçirilən iclasların birində əsas qəhrəmanlardan olan, Əmir Həmzə obrazını oynayan İsmayıl Əfəndiyev çıxış etmək üçün söz alır: “Mən çox ciddi şəkildə bildirirəm ki, biz öz rejissor gücümüzlə “Fətəli xan” kimi filminin öhdəsindən gələ bilmərik. Təhmasib, Mikayılov, Quliyev yoldaşlar və başqaları qoy məndən inciməsinlər, onlar bu filmi üzə çıxara bilməzlər…”

Və beləliklə də filmin istehsalı prosesində çəkilmiş materiallar sənətkarlıq baxımından mərkəzin kino rəhbərlərini qane etmədiyi üçün SSRİ Kinematoqrafiya Nazirinin əmri ilə film 1946-cı ilin may ayında istehsalatdan çıxarılır.

Filmin direktoru Daniil Yevdayevin kinostudiyanın direktoru Nüsrət Vəzirova yazdığı məktubda deyilir: “İşıq şəraitinin pis olması, yəni günəşin olmaması ilə əlaqədar iki böyük natura dekorasiyasının – Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın iç tərəfinin (kinostudiyanın həyətində) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım idi. Halbuki çox çətinliklə böyük sayda insan və atlı toplanmışdı. Baş operator Ə.S.Atakişiyev və operator A.Nərimanbəyov çəkilişlərin saxlanmasının mümkün olmadığını başa düşərək, bu obyektləri tutqun və günəşli havada çəkməyi üstün tutdular. Bundan ötrü çoxlu sayda hərbi projektorlardan bacarıqla istifadə etdilər. Bunu elə şəkildə gördülər ki, işıq fərqi hiss olunmasın. Əsas çətinlik səmanın müxtəlif tonda olmasında idi. Onun sıxlığını müxtəlif filtirlərlə tənzimləmək lazım gəlirdi. Bundan başqa operatorlar studiyanın həyətində olan böyük dekorasiyanın da gecə çəkilişlərini həmin üsulla aparmalı olmuşlar. Beləliklə, operatorların bacarığı sayəsində biz qısa müddət ərzində bu obyektləri çəkib başa çatdırdıq. Əks halda filmin vaxtında çəkilib qurtarması təhlükə altında qalacaqdı”.

“Fətəli xan” filmində Ağası xan obrazının göründüyü kadrlar yalnız üç epizoddan ibarətdir. Şəki xanın hüzurunda, gözləri çıxarıldıqdan sonra qılınca əl basıb intiqam alacağına and içdiyi epizodda və rus ordusunun hücumu zamanı müharibə meydanında bir qədər getdikdən sonra diz çöküb yıxıldığı izdihamlı səhnədə. Məhz bu üç epizod sənətkar təbiətinin bütün incəliklərini aşkar edir. Onun qəhrəmanı dünya işığına həsrət qaldığı vaxtda belə daxilən bütöv, iradəli, potensial qüvvəyə malik, başlıcası isə əyilməz, vüqarlı bir insandır.

“Fətəli xan” filmi  öz dövründə böyük maraqla qarşılanıb. Doğrudur ki, əksər filmlərimiz kimi “Fətəli xan” filmi də uzun illər ekranda nümayiş olunmayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma