Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi 5 dəfədən çox artıb

Bu gün Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat arasında ikitərəfli görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Müştərək Komissiyanın beşinci iclasının Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyi vurğulanıb. İki ölkə arasında iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.

Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcminin 2021-ci ildə 5 dəfədən çox artmasından məmnunluq ifadə olunub. Əlavə edilib ki, ticarət həcminin daha da artırılması üçün real potensial mövcuddur.

Görüş zamanı ticarət həcminin və qarşılıqlı investisiyaların artmasında iş adamlarının xüsusi rol oynadığı bildirilib və bu baxımdan Komissiyanın iclası çərçivəsində Azərbaycan – Misir Biznes Forumunun təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin ticarət, sənaye və qarşılıqlı investisiyaların təşviqi məsələləri ilə yanaşı, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Leave a Reply