Ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə elit toxumlar idxal ediləcək

Ölkəmizdə kənd təsərrüfatı sahəsində toxumçuluğu inkişaf etdirmək məqsədi ilə ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fermer və təssərüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.

Hazırda Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir.

Belə ki, Füzuli rayonunda toxum əkilmiş sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb, səpindən sonra aparılacaq aqrotexniki qulluqla bağlı tövsiyyələr verilib. Bundan əvvəl isə Şabran, Xaçmaz, Şəki rayonlarında fermer və toxumçularla müxtəlif görüşlər keçirilib, aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib.

Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır.

Fermer və təsərüfat sahiblərinə həmçinin karbamid gübrəsi haqqında da geniş məlumat verilib. Qeyd olunub ki, karbamid kənd təsərrüfatı bitkilərinə verilən gübrələr içərisində ən yüksək azot tərkibinə malik olan gübrədir. Bu gübrə kənd təsərrüfatında çox əhəmiyyətlidir. Karbamid gübrəsi həm qranullar şəklində, həm də suda həll olunmaqla tətbiq olunduğu üçün bitkilər tərəfindən həm torpaq, həm də yarpaqlar vasitəsilə mənimsənilə bilir.

Eyni zamanda, karbamid gübrəsinin satış qiyməti digər azot gübrəsinə nisbətən təxminən 2 dəfə ucuzdur.

Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.

Leave a Reply