Mərkəzi Bank inflyasiya, uçot dərəcəsi və manatın məzənnəsi ilə bağlı önəmli açıqlamalar verib

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında önəmli açıqlamalar verib.

TIME bildirir ki, E. Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul etdiyini qeyd edib.

Sədrin sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8,25%-dən 9%-ə qaldırılıb.

O, eyni zamanda, inflyasiyanın 2023-cü ildə sabit və normal göstəricilərə qayıdacağını proqnozlaşdırıb. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib.

E. Rüstəmov qeyd edib ki, 2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansı ümumi daxili məhsulun 10 faizinə çata bilər.

Bu, dünya bazarında neftin bir barelinin qiymətinin orta hesabla 70 dollar təşkil edəcəyi halda mümkün olacaq.

“Əgər neft qiymətləri 50 dollar diapazonunda olarsa, o zaman cari əməliyyatlar balansı ÜDM-in dörd faizini təşkil edəcək”, – deyə o bildirib.

Mərkəzi banklın sədri onuda bildirib ki, Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı svop sazişi üzrə heç bir danışıqlar aparılmır.

Onun sözlərinə görə, mərkəzi banklar bir sıra istiqamətlər üzrə fəal əməkdaşlıq edir və Azərbaycan Mərkəzi Bankı bir sıra KİV-lərdə yayılmış guya svop sazişi barədə danışıqların aparılması haqda məlumatları təkzib edib.

E. Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank milli valyutanın devalvasiyadan deyil, revalvasiyadan müdafiəsində maraqlıdır.

Sədr bildirib ki, 2022-ci il yanvarın 25-dən etibarən Azərbaycanda xarici valyuta satışının azalması qeydə alınır. Bu, Azərbaycan manatının sabitliyinin, eləcə də əhalinin milli valyutanın dayanıqlılığına inamının göstəricisidir.

E.Rüstəmov qeyd edib ki, Azərbaycan bankları da xarici valyutanın, xüsusən dolların satışının azalmasını müşahidə edir və Mərkəzi Bank keçirdiyi xarici valyuta satışı hərraclarında yerli bankların tələbatını tam ödəyir.

Manatın məzənnəsində danışaraq E. Rüstəmov bildirib ki, 2015-ci ildə manatın məzənnəsinin dəstəklənməsi üçün 10 milyard dollar xərclənib, bu isə Azərbaycan üçün tarixi faktdır.

“2015-ci ildə manatın ikinci devalvasiyasınadək məzənnənin dəstəklənməsi üçün 10 milyard dollar vəsait xərclənib, amma milli valyuta yenidən ucuzlaşıb. 2014-cü ilin iyununda başlamış qlobal iqtisadi böhran, neft qiymətlərinin kəskin azalması ölkənin tədiyə balansına ciddi problemlər yaratdı. O dövrdə Azərbaycanda ciddi tikinti işləri gedirdi. Neft gəlirləri hesabına dövlət büdcəsinə çoxlu transfertlər olurdu. Ona görə də neft qiymətlərinin kəskin azalması valyuta ehtiyatlarının itirilməsi təhdidini yaratdı”, – deyə o bildirib.

Leave a Reply