DİM buraxılış imtahanı fənlərinin proqramlarını və tapşırıq modellərini təqdim edib

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları növbəti həftə ərzində nəşr olunacaq.

TIME DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətinə istinadən bildirir ki, 2022-ci ildə də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcək.

Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb.

“Onu da bildiririk ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək. Məlumdur ki, ümumtəhsil məktəblərində də tədris ilinin sonunda fənlər üzrə qiymətləndirmə aparılır və həmin qiymətlər attestatda qeyd olunur. Abituriyent” jurnalının bu xüsusi buraxılışında sizə 11-ci sinif üzrə buraxılış imtahanı fənlərinin proqramlarını və tapşırıq modellərini təqdim edirik”, – deyə M. Abbaszadə qeyd edib.

DİM sədri, jurnalda, həm də dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri, DİM-in internet saytında isə müvafiq audiofayllar təqdim edildiyini (http://dim.gov.az/news/2504/) bildirib: “Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda təqdim edilən tapşırıqları cavablandıra bilər. İmtahan modelinə uyğun tapşırıq nümunələri siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitablarında da nəşr edilib”.

Leave a Reply