Azərbaycanla Türkiyə arasında enerji daşıyıcılarının mübadiləsi məsələləri gündəmdədir

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı bu sahədə görülən işlər haqda bəhs edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir Azərbaycanla Türkiyə arasında əməkdaşlığın gündəmindəki əsas məsələlərdən biri Türkiyədən Naxçıvana təbii qazın tədarükünün təşkil edilməsi olduğunu qeyd edib.

O, qeyd edib ki, ötən ilin dekabrında imzalanmış sənədə əsasən İğdırdan Naxçıvana illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr təbii qaz daşımaq həcminə malik boru kəməri çəkiləcək.

“Bu da Naxçıvanın qaz təchizatını şaxələndirməklə, enerji təhlükəsizliyini möhkəmləndirəcək. Ümumiyyətlə, Türkiyə ilə birgə reallaşdıracağımız təbii qaz xətti Naxçıvan üzərindən Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsinə xidmət edəcək”, – deyə P.Şahbazov gələcək planları açıqlayıb.

Pərviz Şahbazov eyni zamanda qeyd edib ki, hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, elektrik enerjisi sahəsində üçtərəfli formatın inkişafı ilə bağlı perspektivlər, layihələr, həmçinin Türkiyə şirkətlərinin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsi üzrə təklifləri dəyərləndirilir.

Nazirin sözlərinə əsasən, Türkiyə bərpa olunan enerjinin inkişafı və elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı zəngin təcrübəsini Azərbaycanla bölüşür və bu, ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir.

“Düşünürəm ki, yaşıl enerji sahəsində uğurlara imza atmaq üçün indi bütün zəruri şərtlər var. Yeni səviyyədə enerji əməkdaşlığımızın başlıca motivatoru Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilə qədər Milli Prioritetlərində təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmaq üçün “yaşıl enerji”ni dəstəkləyən baxışları, həmçinin azad edilmiş ərazilərin “xalis sıfır emissiyaya” malik “Yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı təşəbbüsü və “Türkiyə ilə birgə gələcək” siyasətidir”, – deyə nazir qeyd edib.

Leave a Reply