Yararsız bioloji fəallığa malik qida əlavələrinin satışının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lökbatan ticarət mərkəzində istehlaka yararsız bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) topdan satışının qarşısını alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, daxil olan müraciət əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda Agentlik əməkdaşları plandankənar yoxlama keçirib.

Araşdırmalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış, BFMQƏ adı altında müxtəlif çeşidli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Müxtəlif çeşiddə və çəkilərdə qablaşdırılmış 192 ədəd qida təhlükəsizliyi sertifikatı olmayan məhsul satışdan kənarlaşdırılaraq müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Leave a Reply