Hərbi helikopterin qəzaya uğramasının səbəbi nədir? – VİDEO

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası ilə bağlı araşdırma aparır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət almışdır.
Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilib.

Qəza nəticəsində aşağıda adları göstərilən hərbi qulluqçular həlak olublar:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Hadisə ilə bağlı Baş Prokurorluq cinayət işi açıb. İstintaqın hazırki mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus  Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən  baş verməsi  ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. 
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib ki, pilot polkovnik Fizuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilot olub, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib: “O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb. Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir”, – deyə E.Quliyev qeyd edib.

Leave a Reply