Amnistiya aktının şamil olunduğu şəxslər nə vaxt azadlığa buraxılacaqlar?

Amnistiya aktının şamil olunduğu şəxslərin sənədləri ilkin olaraq araşdırılır və şəxsi işlər öyrəniləndən sonra qərar verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bu gün, 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda, KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib ki, elə məhkumlar var ki, amnistiyaya düşsə də bəzi başqa məqamlar ortaya çıxır:

“Məsələn elə maddələr var ki, həmin maddə üzrə məhkum olunanlar barədə məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunmalarla bağlı araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsinə uyğun olaraq 17 min məhkumun azadlığa buraxılması nəzərdə tutulur.

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov dəyirmi masada çıxışı zamanı bildirib ki, Zəfər Günü ilə bağlı Amnistiya Aktının imzalandığı gündən 1 gün sonra, 6 noyabr tarixində, Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.

Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməməd Nuriyev tədbir çərçivəsində qeyd edib ki, amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə icra ediləcək.

Onun sözlərinə görə, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən artıq şəxs azadlığa çıxıb: “Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər”.

Xatırladaq ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Leave a Reply