Bu gün səsi ürəkləri fəth edən qadının ad günüdür – VİDEO

Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa Sona Aslanovanın ad günüdür. Üzeyir Hacıbəyov onu “səsi ürəkləri fəth edən qadın” deyə tanıdıb.

Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. O Azərbaycanda yeganə “Coloratura Soprano” səsinə malik olan ifaçı olub.

Sona Aslanova ikiseriyalı Anlamaq istəyirəm (1980) bədii filmdə Çinarənin anası rolunu canlandırıb, Arşın mal alan (1965), Bir az da Bahar bayramı (1979), Bizim Cəbiş müəllim (1969), Bizim küçə (1961), Doğma xalqıma (1954), Əmək və qızılgül (1962), Görüş (1955), Gün keçdi (1971), İstintaq (1979), Qəmbər Hüseynli (2007), O qızı tapın (1970), Ömrün səhifələri (1974), Telefonçu qız (1962), Üzeyir ömrü (1981) filmlərində mahnıları ifa edib.

Opera səhnəsində isə Sona Asıanova “Arşın Mal Alan” -da Gülçöhrə, “Əsli və Kərəm” — də Əsli, “Koroğlu” -da Nigar obrazını yaradıb.

Sona Aslanova II Dünya Müharibəsinin iştirakçısı olmuş, vaxtilə Layihə İnstitutunun direktoru işləyən Kamal adlı şəxslə tanış olur. Sona xanımın sənətinin pərəstişkarı olan bu şəxs avtomobilində daim sevdiyi qadının ifalarına qulaq asırmış. Bir müddət sonra onlar ailə qurur. Bu evlilikdən Cahangir və Rüfət adlı oğulları dünyaya gəlir.

1992-ci ildə Sona xanımın oğlanlarından biri ABŞ-a köçür. Övladlarına hədsiz bağlı olan müğənni də oğlunun ardınca digər ailə üzvləri ilə birlikdə Amerikanın Los-Anceles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqələri elə o vaxtdan kəsilir.

Ömrünün ahıl yaşlarında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanların yaşadığı, dövlət tərəfindən maliyyələşən binaya köçüb orada yaşamağa başlayır. Yaşlanan müğənninin ən böyük arzusu Bakıya gəlmək və Xəzər dənizinin kənarında tonqal qalamaq olub.

Ömrünün sonlarına yaxın müğənni iflic keçirir və yataq xəstəsinə çevrilir. 9 mart 2011-ci ildə, 87 yaşında dünyasını dəyişir. Ailəsinin onun Bakıya aparıb orada dəfn etmək imkanı olmadığından, Amerikada isə dəfn üçün yer almaq 15-20 min dollar olduğundan Sona Aslanova ömrünün sonlarına yaxın vəsiyyət edir ki, onun meyitini yandırıb, külünü Sakit okeana səpsinlər.

Azərbaycan haqqında ondan soruşanda isə “Bakı üçün burnumun ucu göynəyir” deyib ağlayırmış.

Sona Aslanovanın böyük oğlunun iki qızı var. Onlar Amerikada yaşayır və orada təhsil alırlar. Kiçik oğlunun övladı isə ABŞ hərbi hissəsində qulluq edib. O, İraqa göndərilir və orada şəhid olur.

Leave a Reply