“İslam irsimizi tanıyaq” – “Təzəpir” məscidi -VİDEO

Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində “Təzəpir” məscidi haqqında videoçarx təqdim edib.

Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.

Təzəpir məscidi Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa edilib. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verib. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək ona böyük miqdarda pul verib, İstanbula və ərəb ölkələrinə göndərib. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi.  Əhmədbəyovun Təzəpir məscidinin layihəsinə dair ideyası da belə yaranıb.

SSRİ dövründə dini məkanlar digər müəssisələrə çevrildiyi üçün 1934-cü ildə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətini davam etdirib.

2005-ci ildə Prezident İlham Əliyevin göstərişi əsasında məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunub və dövlət başçısının iştirakı ilə məscidin təntənəli açılış mərasimi keçirilib.

Leave a Reply