Rusiyadan idxal olunan quşçuluq məhsulu yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Rusiya Federasiyasından ölkəmizə cari ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Cari ilin iyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlara dair Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və gələcəkdə belə hallar baş verərsə istənilən müəssisənin məhsulunun ölkəmizə idxalı ilə əlaqədar müvafiq məhdudiyyətlər tətbiq ediləcəkdir.

Leave a Reply