Sel və daşqın olanda nə etməliyik? – VİDEO

Sel – dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları gətirən qarışıq su axınıdır. Daşqın isə dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir. Bu təbii hadisələrin iqlim dəyişiklikləri fonunda son zamanlar bir çox ölkədə müşahidə olduğunu nəzərə alaraq belə hallarda nə etmək lazım olduğu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin maarifləndirici məlumatlarına müraciət etdik.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əgər yaşadığınız ərazi tez-tez sel və daşqına məruz qalırsa, buna öncədən hazır olmağınız bir çox problemlərin qarşısını almağa kömək edər.

Sel və daşqına necə hazır olmalı?

– yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin;

– içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın.

Sel və daşqın zamanı nə etməli?

– təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;

– hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;

– evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın;

– vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;

– ev heyvanlarını sərbəst buraxın;

– korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;

– evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;   

– gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;

– xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;  

– su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;

– suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;

– yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.); 

– suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.  

Sel və daşqından sonra nə etməli?

– su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;

– evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;  

– yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;

– içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.

Leave a Reply