Bakı yollarında məhdudiyyətlər tətbiq ediləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə və sürücülərə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Xətai rayonu, Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bununla yanaşı, paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə, BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək, paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb. 

Təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib. 

Qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaqdır.

Leave a Reply