Harper Linin aprelin 28-də 95 yaşı oldu. Amerikalı yazıçı dünyaya Pulitzer mükafatına layiq görülən “İstehza quşunu öldürmək” (“Убить пересмешника”, “To kill a Mockingbird”) kitabını bəxş edib.
TIME MyBook onlayn kitabxanasının məlumatına istinadən bildirir ki, kitab və müəllifi bir sıra maraqlı özəlliklərə malikdirlər.
Bu kitab Harper Linin ilk romanıdır. Bu, ağdərili bir qıza təcavüz etməkdə günahlandırılan qaradərili Tom Robinsonun hekayəsidir. Hekayəni Jin-Luiza adlı balaca qız danışır. Atası cənab Attikus Finç vəkildir. Bütün şəhərin qarşı çıxmasına baxmayaraq məhkəmədə Tomu müdafiə etməyə qərar verir. Məhkəmə prosesi irəlilədikcə bəzi şəhər sakinləri Robinsonu linç etməyə hazırdırlar. Bütün vəkil ailəsi təhlükə altındadır …
Kitabda irqi qərəz, sosial bərabərsizlik və mükəmməl olmayan məhkəmə sistemi ilə bağlı həssas mövzular qaldırılır. Əsər qaradərililərin hüquqları uğrunda hərəkata çox böyük töhfə verir.
Roman 2003-cü ildə BBC-nin 200 ən yaxşı kitab siyahısında altıncı sırada yer alıb. Kitab 1960-cı ildə nəşr olunub və 1961-ci ildə Harper Liyə nüfuzlu Pulitzer mükafatını gətirdi.
Kitab əsasında 1962-ci ildə eyni adlı film çəkilib. Əsas rolu Gregory Peck oynayıb. Film səkkiz Oskar mükafatına namizəd göstərilib və onlardan üçünü qazanıb: Ən Yaxşı Aktyor, Ən Yaxşı Ssenari və Set.
Harper Li haqqında maraqlı faktlar
▪ Li “İstehza quşunu öldürmək” adlı əsas kitabındakı süjeti, personajları və fikirləri, özünün uşaqlıq xatirələrindən və Amerikanın kiçik Monroeville qəsəbəsindəki qonşuların həyatı ilə bağlı müşahidələrindən götürüb. Yazıçının atası Jin-Luizanın atası kimi bir vəkil idi.
▪ Uşaqlıqda Harper, yaxınlıqda yaşayan başqa bir gələcək müəllif Trumen Kapote ilə dost olub.
▪ Orta məktəb və qızlar üçün Huntingdon kollecindən sonra bir il Oksford Universitetində mübadilə tələbəsi olaraq qalıb. Hüquq fakültəsində oxuyub və atasının hüquq firmasında işləməyi planlaşdırıb.
▪ Bir gün Li dostlarından qeyri-adi bir Milad təbriki aldı – “İstədiyinizi yazmaq üçün bir illik tətiliniz var” deyən bir məktub. Bu vaxt Jin-Luiza hekayəsini yaratmaq üçün yetərli olub.
▪ Li ilk romanının uğurlu olacağını əvvəlcədən düşünməyib. Bir müsahibəsində belə deyib: “Mən İstehza quşunun uğurlu olacağını heç vaxt gözləmirdim. Tənqidçilərin əlində əsərin tez və mərhəmətli bir öləcəyinə ümid edirdim, eyni zamanda düşündüm ki, bəlkə kimsə mənə yazmağa davam etmək üçün cəsarət verəcək qədər bu kitabı sevər. Kiçik nailiyyətə ümid edirdim, amma hər şeyə nail oldum və bu müəyyən dərəcədə sürətli mərhəmətli ölüm qədər qorxulu idi”.
▪ “İstehza quşunu öldürmək” nəşrindən sonra Li, mətbuatla çətinliklə danışdı və bir neçə qısa oçerk xaricində heçnə yazmadı.
▪ 1980-ci illərin ortalarında Harper Li bir Alabama serial qatili haqqında sənədli kitab üzərində işləyib, lakin nəticədən narazı qaldığı üçün kitab nəşr edilməyib.
▪ İkinci roman, “Get gözətçi qoy” adlanıb və 2015-ci ildə nəşr olunub, baxmayaraq ki, “İstehza quşunu öldürmək” romanından öncə yazılıb.
▪ Harper Li heç vaxt evlənməyib və uşaq sahibi olmayıb.
▪ Müəllifin kitab sevgisi və ədəbiyyata münasibəti barədə düşüncələri belədir:
“İndi, 75 il sonra, insanların noutbukları, cib telefonları, iPodları və başlarında boşluq olduğu zəngin bir cəmiyyətdə yenə də kitablara üstünlük verirəm”.