Qarabağda qanunsuz maliyyə-bank əməliyyatlarının qarşısı alınır

Azərbaycan Respublikasının Mərkəzi Bankı əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülmüş, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılır.

Mərkəzi Bank bununla əlaqədar olaraq məlumat verir ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərmiş və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilir. Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyil.

Mərkəzi Bank onuda bildirib ki, ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.

Leave a Reply